Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Bu dünyadakı həyat həqiqi həyat deyil


    Bir çox insan dünyada qüsursuz və mükəmməl bir həyatın qurula biləcəyinə inanır. Vacib maddi imkanların əldə ediləcəyi təqdirdə, bu dünyadakı həyatın insanı tamamilə təmin və xoşbəxt edə biləcəyini düşünür. Geniş yayılmış qənaətə görə, insan maddi yöndən zəngin olarsa, bu zəmində ailə qurarsa, cəmiyyətdə güclü mövqeyə sahib olarsa və digər insanların gözündə hörmət qazanarsa, nöqsansız həyata sahib olmuş olar. Bu anlayış Qurani-kərimdə, əslində, qəti şəkildə rədd edilir. Əksinə, Qurani-kərimdə dünyada sürdüyümüz ömrün əsla nöqsansız, mükəmməl olmayacağı bildirilir. Çünki bu, belə qurulmuşdur. “Dünya” kəlməsinin kökü çox vacib bir məna verir. Bu kəlmə ərəbcə “dəniy” sifətindən əmələ gəlmişdir. “Dəniy” isə “alçaq”, “zəlil”, “bəsit”, “dəyərsiz” kimi mənalara gəlir. Necə ki, Qurani-kərimdə dünya həyatının dəyərsizliyi, əhəmiyyətsizliyi tez-tez vurğulanır. Dünya həyatını gözəlləşdirdiyi düşünülən zənginlik, ailə, mövqe, mənsəb, müvəffəqiyyət kimi amillər Qurani-kərimə görə, keçici və aldadıcı səhnədən başqa bir şey deyil. Allah bir ayədə dünya həyatı haqqında bunları bildirir:
    “Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr, sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, dünya malına uymayanları isə Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan, yalandan başqa bir şey deyildir” (“Hədis” surəsi, 20).
    Başqa ayələrdə də insanın dünya həyatından ötrü necə aldanması belə göstərilir:
    “Lakin siz dünyanı üstün tutursunuz, halbuki axirət daha xeyirli və daha saqidir” (“Əla” surəsi, 16-17).
    Ayələrdə də bildirildiyi kimi, haqqında bəhs edilən insanlar dünya həyatını axirətdən üstün tuturlar. Bunu edərək Allah`a iman gətirmir və Qurani-kərim ayələrindən üz çevirirlər. Qurani-kərimdə bu insanlar: “Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanlar” (“Yunis” surəsi, 7)
    şəklində təqdim edilməklə, hamısının sonsuz cəhənnəm əzabı ilə qarşılaşacağı bildirilir. Əlbəttə, dünya həyatının nöqsanları bu dünyada gözəl şeylərin heç olmaması mənasına da gəlmir. Əksinə, Allah dünyanı cənnəti xatırladacaq qədər bir çox gözəl nemətlərlə doldurmuşdur. Fəqət, bu gözəlliklərlə yanaşı, cəhənnəmə aid olan nöqsanlar, çirkinlik və qüsurlar da vardır.
    Dünyada imtahan edilmək hikmətinin əsasları olan cənnət və cəhənnəmə aid xüsusiyyətlər bir arada olurlar. Bu şəkildə, möminlər həm cənnət və cəhənnəm haqqında fikirləşir, həm də özlərini dünyadakı qısa və keçici həyata həsr etmək əvəzinə həqiqi, qüsursuz və əbədi həyat olan axirətə yönəlirlər. Allah`ın qulları üçün seçdiyi həyat da elə bu axirət həyatıdır. Axirət Qurani-kərim ayələrində insanların həqiqi və əbədi yurdu olaraq tərif edilir.
    Ancaq yuxarıda da bildirdiyimiz kimi, bəzi insanlar dünyada mükəmməl bir həyat qurula biləcəyini zənn edir, dünya həyatına aid olan böyük qüsur və nöqsanların isə təbii olduğunu düşünürlər. Məsələn, xəstə olmaq onlara təbii görünür. Yorğunluq, sıxıntı kimi anlayışlar da eyni şəkildə təbii qarşılanır. Əslində isə Allah dünya həyatına aid bütün nöqsanları çox böyük hikmətlərlə yaratmışdır. İnsanın vəzifəsi bu hikmətlər üzərində dərindən düşünməkdən və bunlardan özü üçün nəticə çıxarmaqdan ibarətdir. İnsan heç bir zaman xəstə olmaya, heç bir zaman yorulmaya, heç vaxt yatıb dincəlmək məcburiyyətində qalmaya, heç bir yorğunluq hiss etməyəcək qədər güc və enerjiyə sahib ola bilərdi. Allah istəsəydi, insanı bütün bu nöqsan və qüsurlardan arınmış olaraq yarada bilərdi. Ancaq Allah insanı bu şəkildə yaratmaqla insana onun acizliyini və zəifliyini göstərir.
    İnsan dünya həyatının hər anında öz acizliyi və zəifliyi ilə dəfələrlə üzləşmək məcburiyyətində qalır. Əvvəlcə, çox dəyər verdiyi bədəni ona bu durumu müntəzəm şəkildə xatırladır. İnsan hər səhər yuxudan oyandıqda yeni günə şişmiş və forması dəyişmiş üzlə başlayır. Ağzı pis qoxur; üzü, saçı və bədəni kirli olur. Yuyunmadıqca çölə çıxa bilmir. Üstəlik, bu təmizliyi gün ərzində tez-tez təkrarlaması lazım gəlir. Çünki üstündən bir neçə saat keçəndən sonra səhər etdiyi təmizlik yoxa çıxır. Bir neçə gün təmizlik etməsə, ətrafındakıları narahat edəcək bir duruma düşür.
    İnsan bədəni daş, metal kimi dözümlü maddədən deyil, çox davamsız bir maddədən-ətdən yaradılmışdır. Bu ətdən olan bədən incə dəri ilə örtülür. Hər an kiçik bir qəza ilə bu dəri yırtıla bilər. Ət də öz quruluşu etibarilə son dərəcə davamsızdır. Bəsit zərbələrdən təsirlənir, forması pozulur, qaralır və yaralana bilir. Yaşlaşdıqca əvvəlki şuxluğu və canlılığı itir, büzüşməyə və təravətini itirməyə başlayır. İnsanın ölməsi ilə birlikdə isə çürümə başlayır. Torpağa qoyulduqdan bir neçə həftə sonra bədən parçalanmağa başlayır, qurdlanır, bakteriyalar tərəfindən yeyilir və yox olub torpağa qarışır.
    Yuxarıda söylədiyimiz kimi, bütün bunlar insana acizliyini göstərmək və dünyanın nöqsanlarını xatırlatmaq üçün xüsusi olaraq yaradılmışdır. Elə isə insan ət yerinə sağlam və təmiz maddədən yaradıla, ağrı-acıdan, xəstəlikdən və pislikdən tamam uzaq tutula bilərdi. Bütün bunlar, əslində, insanın Allah`a nə qədər möhtac olduğunu, dünyanın qüsurlu yer olduğunu göstərmək və insana öz acizliyini hiss etdirmək üçün belə yaradılıb. İnsan bu nöqsanlara baxaraq həm öz acizliyini, həm də digər insanların dünya həyatındakı gücünün nə qədər müvəqqəti olduğunu anlaya bilir. Gözündə böyütdüyü insanlar da onun elə özü qədər aciz, nöqsanlı və qüsurlu insanlardır.
    Ancaq insanların çoxu bunları anlamaz, var olan böyük nöqsanları görməz, deməli bu səbəblə, dünya həyatı ilə razılaşar. Əslində, bu, son dərəcə böyük ağılsızlığın nəticəsi və cəhalətin əlamətidir. Qurani-kərimdə belə insanların əxlaqı bu şəkildə tərif edilir:
    “Artıq bizim Quranımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər. Onların bildiyi elə bu qədərdir” (“Nəcm” surəsi, 29-30).
    Ayədə də bildirildiyi kimi, axirət məsələsi ilə bağlı qəflətdə olub dünya həyatına bağlanmaq elm sahibi olmamağın nəticəsidir. O halda, öyrənməyimiz lazım olan elm nədir? Dünya həyatına bağlanmamaq üçün öyrənməli olduğumuz elm Allah`ın bizlərə vəd etdiyi cənnətin bilgisidir. İnsanın cənnətin tərifi edildiyi Qurani-kərim ayələri haqqında bilgiyə sahib olması və bu ayələr üzərində dərindən düşünməsi bu yöndə atılacaq ən vacib addımdır. Allah iman gətirənlərə həqiqi məskəni Qurani-kərimdə bu şəkildə tərif edir:
    “Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir, axirət yurdu isə şübhəsiz, əbədi həyatdır, kaş biləydilər” (“Ənkəbut” surəsi, 64).

    İzlənmə sayı: 1245