Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Şəkillərdə axtarılan elmsizlik


    Son dövrlərdə istər sosial şəbəkələrdə, istərsə də mətbuatda Allahın möcüzələri adı altında bir çox şəkillər paylaşılır. Göy üzündə buludlarla, pətəkdə şanlarla və ya müxtəlif meyvə-tərəvəzlərdə, heyvanların dərisinin üzərində ərəb əlifbası ilə Allahın adının yazılmış şəkillərinə rast gəlinir. Üstün Güc və Ağıl sahibi olan Rəbbimizin möcüzələrini bu şəkillərdə axtarmaq ən azı elmsizlikdir. Çünki tonlarla ağırlığı olan buludların səmada durması, yağış suyunun buluddan birbaşa deyil, damla-damla yağaraq şəhərləri, yaşayış məntəqələrini, əkin sahələrini yuyub aparmaması, yağış damlasının buluddan çıxarkən yerin cazibə qüvvəsinin təsiri ilə güllə sürəti ilə deyil, paraşüt şəklini alıb sürətini dəyişmədən yerə enməsi elə ən böyük möcüzədir. Eyni zamanda ağlı, şüuru və təbii ki heç bir təhsili olmayan arıların pətəklərini ən optimal variantda- düzgün altıbucaqlı şəklində inşa etməsi, pətək hörərkən yalnız riyazi dühaların həll edə bildiyi hesablamaların öhdəsindən gəlib pətək yuvalarını dibdə logarifmik  hesablamalar nəticəsində alınan bucaqlar altında birləşdirməsi, bir pətəyi doldurmaq  üçün 100 milyon çiçəyin nektarını yığa bilməsi və 100 min kilometr uça bilməsi pətəklərdə şanlarla bir yazının yazılmasından daha böyük möcüzədir.

    Təbii ki, təvafüq olaraq səmada düzülən buludlar da, pətəkdəki şanlar da ərəb dilində dini yazılar şəklində ola bilər və bu da mütləq Uca Rəbbimizin elmi daxilində olar. Çünki Allah elmiylə hər şeyi əhatə edəndir, biləndir.

    Amma  kainatı və daxilindəki canlı-cansız hər şeyin yaradıcısı olan Allahın yaratmasını bununla məhdudlaşdırmaq Allahı layiqincə qiymətləndirməmək (Allahı tənzih edirəm) olar. Qurani-Kərimdə bir ayədə buyurulduğu kimi:

    Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir. (Nisa surəsi, 126)

    Bir-biri ilə ahəng içində olan göyləri və yeri yaradan, yer kürəsində canlıların həyatını davam etdirməsi üçün bütün şərtlərlə təmin edən, gözlə gördüyümüz və görmədiyimiz hər canlını yaşadığı mühitə uyğun orqanlarla təchiz edən, yaratdığı canlılardakı texnologiyalar insanların ixtiralarına ilham mənbəyi olan, insan DNT-sində milyon cildlərlə kitablara sığacaq informasiyanı yerləşdirən, bir damla sudan görən, eşidən, əli-ayağı olan, düşünə bilən, mühakimələr yürüdən, hiss edən, sevinən, sevən-sevilən insanı yaradan və qüdrətinin əlamətlərini saymaqla bitirə bilməyəcəyimiz Allahın möcüzələrini görə bilmək üçün bir az dərindən düşünmək kifayətdir. Bu möcüzələr yuxarıda sadalanan və əksəriyyəti fotoşopun məhsulu olan şəkillərlə müqayisə edilməyəcək dərəcədə böyük möcüzələrdir.

    İkinci bir tərəfdən, bu paylaşımlar islam barədə kifayət qədər məlumatı olmayan insanlarda Allahın haqq dini haqqında yanlış təəssürat oyadır. Müsəlmanları saxta şəkilləri həqiqətdən ayırmayacaq dərəcədə geridə qalmış insanlar olaraq təsəvvür edib, bu insanların inandıqları dini də mövhumat sayırlar. Halbuki İslam elmli, müasir, gözəl, estetik, keyfiyyətli olmağı təşviq edir. Allah Qurani-Kərimdə bəndələrini elmli olmağa belə çağırır:

    Allahdan öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır. (Fatir surəsi, 28)

    Sevinc Haqverdizadə

    İzlənmə sayı: 1257