Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • İslamofobiyanın əsas səbəbi


    Dünyanın hər tərəfində İslam əleyhinə səslər günbəgün daha da yüksəlir. Bir çox ölkədə müsəlman əhaliyə qarşı əks-münasibətə görə hər gün yeni tədbirlər görülür. ABŞ ilə yanaşı, Avropada da İngiltərə, Fransa, Hollandiya, Belçika, İsveçrə, Danimarka, İspaniya və Almaniya islamofobiyadan ciddi narahat olan ölkələrdəndir. Bu ölkələrdə müsəlmanlara qarşı qadağalarla bağlı mübahisələr demək olar ki, gündəmdən heç düşmür. İslama qarşı bu əks-münasibətin qanuniləşdirilməsi isə bu ölkələrdə ciddi ayrı-seçkiliyin hakim olmasına yol açır.
    İslama qarşı olan düşüncə tərzinin mənfi təsirlərini dünyanın bir çox ölkəsində baş verən hadisələrdən görmək mümkündür. İslamofobiyanın artması ilə bəzi yerlərdə ictimai sahələrdə müsəlmanlara geyimlərində bəzi qadağalar qoyulub. Bəzi yerlərdə isə normal görünən bəhanələrlə və ya xalq səsverməsi ilə məscid və minarə tikintisi dayandırılıb. Bəzi yerlərdə açıq sahələrdə namaz qılmaq qadağan olunub, bəzi yerlərdə isə kitab, film və ya karikatura kimi müxtəlif media vasitələri ilə İslama və müsəlmanlara qarşı olan bu əks-münasibətin və qorxunun təbliğatı aparılır. Bir çox yerdə bu cür qanunlarla dəstəklənən İslam əleyhdarlığı İslam düşmənçiliyinə və dolayısı ilə, müsəlmanlara qarşı təzyiqlərə, provokasiyalara və hücumlara təkan verib. İslamofobiya adı altında qanuniləşdirilməyə çalışılan bu düşüncə tərzi gücləndikcə müsəlmanlar da yaşadıqları bölgələrdə daha çox əzilməyə, bəzi qanuni hüquqlarını itirməyə başlayıblar.
    Artıq qərb ölkələrində cinayət hadisələrində artım qeyd edildikdə bu işdə, əsasən, zəncilərin və ölkədə yaşayan müsəlmanların adı hallandırılır. İslam ölkələrində baş verən şiddət hadisələri və radikal İslam təşkilatlarının terror fəaliyyətləri isə Qərbdəki ön mühakiməli düşüncə tərzini daha da gücləndirir. Onları haqlı olduqlarına daha da inandırır.
    İslamofobiya termini ilə bütün dünyada duyulan İslam qorxusu sanki normal düşüncə kimi əks etdirilərək müsəlmanlara qarşı nifrət və düşmənçilik normallaşdırılır, adiləşdirilir. Tədqiqatlara əsasən, ABŞ və Avropada son illərdə müsəlmanları və məscidləri hədəfə alan hücumlar artıb.
    Bütün dünyada sürətlə güclənən anti-İslam düşüncə tərzi bəzi müsəlman ölkələrdə bənzər “Qərb düşmənçiliyi” şəklində əks-münasibət doğurur. Bu da müsəlmanları İslam əleyhdarları üçün daha güclü hədəfə çevirir.
    İslam dünyası isə ortaya çıxan bu mühüm mənzərə qarşısında hələ təsirli addım atmayıb. Bunun əsas səbəbi müsəlman ölkələrinin problemin əsl mənbəyini və həllini hələ müəyyən etməməsidir.
    Hətta bəzi müsəlmanlar problemin əsl mənbəyindən o qədər xəbərsizdirlər ki, islamofobiyanı ciddi səbəbi olmayan qorxunun yol açdığı, təcridedici fəaliyyətləri əhatə edən düşüncə tərzi və davranış forması kimi səciyyələndirirlər. İslamofobiyanı təhdiddən çox xəyali hiss və ya siyasətçilərin kütlələri istədikləri kimi yönləndirmək üçün ortaya atdıqları qorxu kimi dəyərləndirirlər.
    Ancaq əsl problemin nə olduğunu görmür və ona görə, bunu dünyaya izah edə bilmirlər. Halbuki bütün dünyanı təsiri altına salan və getdikcə güclənən islamofobiyanı dayandırmağın və insanlara İslamın və müsəlmanların narahat verici cəhətinin olmadığını izah etməyin əsl yolu, şübhəsiz ki, əvvəlcə xurafatçılıqla həqiqi İslamın fərqini izah etməkdir.
    Çünki qərb ölkələrinin bu yersiz qorxusunun səbəbi xurafatçılığı həqiqi İslam zənn etmələridir. Ancaq İslamla xurafatçılıq arasındakı fərqi bilmədiklərinə görə, birbaşa İslamı və müsəlmanları hədəfə alırlar. Ona görə, İslama və müsəlmanlara qarşı təzyiq və məhdudiyyətlər tətbiq etmələri, əslində, sadəcə xurafatçılığa qarşı əks-münasibətdən ibarətdir. İslama deyil, xurafatçılığa qadağa qoymağa çalışırlar.
    Ancaq müsəlman ölkələrin bir çoxu İslam əleyhdarlığının və islamofobiyanın yeganə səbəbinin xurafatçılıq olduğunu hələ də anlamayıb. Bu batil din anlayışının necə təhlükəyə səbəb olduğunu dərk etmirlər.
    Xurafatlarla yaşayan və bütün dünyada da yaşatmağa çalışan kütlələr də bu şəkildə həm özlərinə, həm də müsəlmanlara zərər verdiklərini dərk etmirlər. Həqiqi İslam dini sülh, sevgi, şəfqət və tolerantlığa, qadınlara yüksək dəyər verməyə, onları hər zaman qorumağa əsaslanır, xurafatçıların fəaliyyətləri isə bütün dünyada nifrəti, kini, qadınlara qəzəbi, sevgisizliyi və düşmənçiliyi körükləyir. Əsl müsəlmanlar yaxşılığa, hər düşüncəyə malik insanlarla tolerantlıq əsasında dostluğa təşviq edərkən onlar müsəlmanları bütün dünyaya sevgisiz, qeyri-tolerant insanlar kimi tanıdırlar. Müsəlmanlar rahatlıq, sülh və sevgi dünyası qurmağa çalışarkən onlar münaqişəyə təşviq edirlər. Müsəlmanlar yaşadıqları yerlərə incəsənəti, elmi, estetikanı, keyfiyyəti hakim etməyə çalışarkən onlar elmdən, incəsənətən uzaq durmağı, keyfiyyətsizliyi əsas alaraq İslamı dünyaya yanlış tanıdırlar.
    Bu Qurana zidd inanc və həyat tərzləri nəticəsində də İslama qarşı qorxu və nifrəti daima gücləndirir, dünyanın hər yerində həm özlərinin, həm də digər məsum müsəlmanların zərər çəkməsinə, təzyiqə məruz qalmasına və öldürülməsinə səbəb olurlar.
    Bu qorxu bütün dünyada daha da şiddətlənəcəyi təqdirdə İslam dünyasının və müsəlmanların necə çətin vəziyyətə düşəcəyini heç düşünmürlər. Halbuki ABŞ, Avropa ilə yanaşı, bütün Afrika və Asiyada İslam əleyhdarlığı artsa, onda müsəlmanların bu xalqlara həqiqəti göstərib inandırmaları daha da çətinləşəcək.
    Bu səbəbdən, İslam dünyası dərhal bu şüurla hərəkət etməli, xurafatçılıqla həqiqi İslamı fərqləndirməli və islamofobiyanın yeganə səbəbinin xurafatçılıq olduğunu açıq-aydın göstərməlidir. Müsəlman xalqlar dünyanı bu mövzuda məlumatlandırdıqca əsl əks-münasibətin İslama deyil, xurafatçılığa qarşı olduğu başa düşüləcək və islamofobiya da tamamilə aradan qalxacaq. Beləcə, bütün dünya İslamın əsl gözəlliyini görəcək və hansı inancdan olmalarına baxmayaraq, xalqlar qardaş olaraq sülh içində yaşayacaqlar.

    Ülviyyə Əlizadə

    İzlənmə sayı: 916