Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


MATERİALİZM »

  • Maddənin həqiqi mahiyyəti – 6 (Son)


    Hisslərin Beyində Meydana Gəlməsi Fəlsəfə Deyil, Elmi Həqiqətdir

    Materialistlər, burada izah etdiklərimizin fəlsəfi görüş olduğunu iddia edirlər. Halbuki bizim “xarici dünya” dediyimiz şeyin hisslər cəmi olduğu, fəlsəfə deyil, elmi gerçəkdir. Görüntünün və hisslərin beyində necə meydana gəldiyi bütün tibb fakültələrində təfərrüatlı şəkildə öyrədilir. Müasir fizika başda olmaqla 20-ci əsr elminin ortaya qoyduğu gerçəklər, maddənin konkret həqiqətə sahib olmadığını, açıq-aydın hər kəsin “beynindəki ekranı” izlədiyini göstərir. Bunu, istər ateist olsun, istər budist olsun, istər başqa düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist öz aləmində Allahın varlığını inkar edə bilər, amma bu elmi gerçəyi inkar edə bilməz.

    Yaşadıqları dövrün elm anlayışı və elmi imkanları kifayət qədər olmasa da, Karl Marks, Fridrix Engels, Corc Politzer və digərlərinin bu qədər asan və açıq gerçəyi qavraya bilməmələri çox qəribədir. Amma müasir dövrdə elmin və texnologiyanın imkanları hədsiz dərəcədə inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu gerçəyin qavranılmasını daha da asanlaşdırır. Materialistlər isə qismən də olsa bu mövzunu qavramağın və ümumiyyətlə bu mövzunun öz fəlsəfələrini necə çökdürdüyünü anlamağın verdiyi böyük qorxu içindədirlər.

    Materialistlər Tarixin Ən Böyük Tələsinə Düşmüşlər

    Maddənin hisslərdən ibarət olduğu gerçəyi, müasir elm tərəfindən isbat edilmişdir və çox açıq, qəti, güclü şəkildə ortaya qoyulmuşdur. Materialistlər kor-koranə inandıqları, bel bağladıqları, güvəndikləri maddi dünyanın, içindəki hər şeylə birlikdə tamamilə yox olduğunu görür və buna qarşı heç bir şey edə bilmirlər. İnsanlıq tarixi boyunca materialist düşüncə həmişə var olmuşdur. Bu insanlar da özlərindən və müdafiə etdikləri fəlsəfədən çox əmin şəkildə, özlərini yaratmış olan Allaha qarşı çıxmışlar. Ortaya atdıqları ssenariyə görə maddə əzəli və əbədidir və bütün bunların Yaradıcısı ola bilməz. Yalnız qürurlarına görə Allahı rədd edir və var zənn etdikləri maddənin arxasında gizlənirdilər. Bu fəlsəfədən elə əmindilər ki, heç zaman bunun əksini isbat edən şərh gətirilə bilməyəcəyini düşünürdülər.

    Məhz buna görə də maddənin əsli ilə bağlı olan bu məqalədə izah edilən gerçəklər bu insanları böyük qarışıqlığa salmışdır. Çünki burada izah edilənlər onların fəlsəfələrini təməlindən yıxıb atmış və məsələni müzakirə üçün fürsət belə saxlamamışdır. Bütün düşüncələrini, həyatlarını, qürurlarını və inkarlarını əllərindən bir anda uçub gedən maddə üzərində qurmuşdular.Maddə yoxdur ki, materializm də olsun.

    Allah həm də inkarçılara tələ qurandır. “…onlar hiylə işlətdilər, Allah da (bir qarşılıq) bir hiylə qururdu. Allah, hiylə quranların (hiylələrinə cavab verənlərin) ən xeyirlisidir” ayəsiylə bu gerçək bildirilir. (Ənfal Surəsi, 30)

    Məhz Allah, maddəni var zənn etdirərək materialistləri tələyə salmış və tarixdə bənzəri görülməmiş şəkildə kiçiltmişdir. Materialistlər mallarını, mülklərini, mövqelərini, vəzifələrini, yaşadıqları cəmiyyəti, bütün dünyanı və əslində xəyaldan ibarət olan hər şeyi var zənn etmiş, üstəlik bunlara güvənərək Allaha qarşı təkəbbürlənmişlər. Lovğalanaraq Allaha üsyan edib inkar etmişlər. Bunları edərkən də güc aldıqları tək şey MADDƏ olmuşdur. Amma elə bir anlayış çatışmazlığı içinə düşüblər ki, Allahın onları hərtərəfli əhatə edib örtdüyünü heç düşünməyiblər. Allah inkarçıların anlayışsızlıqları nəticəsində düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:

    Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.. (Tur surəsi, 42)

    Bu, bəlkə də tarixdə bilinən ən böyük məğlubiyyətdir. Materialistlər öz aləmlərində təkəbbürlənərkən, əslində böyük tələyə düşmüş və Allaha qarşı çirkin cəsarət göstərərək açdıqları mübarizədə qəti olaraq məğlub olmuşlar.

    Beləliklə, hər bir ölkənin günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar.” (Ənam Surəsi, 123)  ayəsi Yaradıcılarına qarşı çıxan belə inkarçıların necə şüursuzluq içində olduqlarını və necə sonla qarşılaşacaqlarını ən açıq şəkildə xəbər verir. Bir başqa ayədə isə bu gerçək belə vurğulanır:

    “Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar.” (Bəqərə Surəsi, 9)

    İnkarçılar öz aləmlərində tələ qurmağa cəhd edərkən ayədəki “anlamırlar”ifadəsiylə bildirildiyi kimi, çox əhəmiyyətli gerçəyi anlaya bilmirlər. Yəni yaşadıqları bütün hadisələrin onlara hiss etdirilən xəyal olduğu və etdikləri hər hərəkət kimi, qurduqları tələlərin də zehinlərində yaranan görüntüdən ibarət olduğu gerçəyini anlaya bilmirlər… Bu qavrayış zəifliyi səbəbiylə də Allah ilə tək olduqlarını unudaraq öz-özlərini hiyləli tələyə salmışlar. Hər dövrdə olduğu kimi bu dövrdə də Allah, inkarçıları bütün hiyləli düzənlərini kökündən yıxan gerçəklə üz-üzə gətirmişdir. Allah “…şübhəsiz ki, şeytanın hiyləsi çox zəifdir” ayəsiylə bu hiylələrin məhv olacağını da xəbər verir. (Nisa Surəsi, 76) Və möminləri də “…onların qurduğu hiylə sizə heç bir zərər verə bilməz” ayəsiylə müjdələmişdir. (Ali İmran Surəsi, 120)

    Allah bir başqa ayəsində, “İnkar edənlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar… (Nur Surəsi, 39) deyə xəbər verir. Materializm də bu ayədə işarə edildiyi kimi üsyan edənlər üçün “ilğım” meydana gətirir. Ona güvənərək əllərini uzadanda isə hər şeyin xəyaldan ibarət olduğunu anlayarlar. Allah onları belə ilğımla aldatmış, bütün bu hisslər cəmini var kimi göstərmişdir. “Böyük” insanlar, professorlar, astronomlar, bioloqlar, fiziklər, vəzifələri, mövqeləri nə olursa olsun maddəni özlərinə ilah etdikləri üçün bu tələyə düşmüş, sanki bir uşaq kimi aldanmış və kiçilmişlər. Hisslər cəmini mütləq zənn edərək onun əsasında fəlsəfələrini, ideologiyalarını qurmuş, bu barədə ciddi müzakirələrə edib “intellektual” izahlar vermişlər. Bütün bunlardan ötrü də özlərini çox ağıllı hesab edib kainatın gerçəyi haqqında fikir yürüdə biləcəklərini düşünmüş və ən əsası da öz məhdud ağıllarıyla Allahı izah edə biləcəklərini sanmışlar. Allah, onların içinə düşdükləri bu vəziyyəti bir ayədə belə bildirir:

    Onlar (inanmayanlar) bir hiylə qurdular. Allah da (buna qarşılıq) bir hiylə qurdu. Allah, hiylə quranların ən xeyirlisidir. (Ali İmran Surəsi 54)

    Dünyada bəzi tələlərdən xilas olmaq mümkündür; ancaq Allahın inkar edənlərə qurduğu bu tələ elə mütləqdir ki, əsla qurtuluş imkanı qalmamışdır. Nə edirlər etsinlər, kimə müraciət edirlər etsinlər,  Allahdan başqasından kömək tapmaları da mümkün deyil. Allahın Quranda xəbər verdiyi kimi “…Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar” (Nisa Surəsi, 173).

    Materialistlər belə bir tələyə düşəcəklərini heç gözləmirdilər. 20-ci əsrin bütün imkanları əllərində ola-ola rahat bir şəkildə inkarda israr edə biləcəklərini və insanları da inkara sürükləyə biləcəklərini sanırdılar. Allah inkarçıların tarix boyu daşıdıqları bu zehniyyəti və düçar olduqları sonu Quranda belə xəbər vermişdir:

    Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar (bunu) hiss etmədilər. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün qövmləriylə birlikdə yerlə-yeksan etdik. (Nəml Surəsi, 50-51)

    Ayələrdə izah edilən gerçəyin bir mənası da belədir: Materialistlərə sahib olduqları hər şeyin bir xəyaldan ibarət olduğu açıqlanmış, yəni əllərindəki hər şey toplu şəkildə yox edilmişdir. Və onlar, var zənn etdikləri mallarının, fabriklərinin, qızıllarının, dollarlarının, uşaqlarının, yoldaşlarının, dostlarının, vəzifələrinin, nüfuzlarının, hətta öz bədənlərinin, əllərindən çıxdığını görərkən, sanki “yox olmuşlar”. Sanki, maddəni tərk edib bir ruh halına gəlmişlər. Şübhəsiz bu gerçəyin fərqinə varmaq materialistlər üçün ola biləcək ən dəhşətli hadisədir. Çünki sahib olduqları hər şeyin xəyaldan ibarət olması, öz dilləri ilə desək, onlar üçün hələ dünyadaykən, “ölməmişdən əvvəl ölüm” hökmündədir.

    Bu həqiqətin anlaşılması ilə birlikdə, bir Allah, bir də özləri qalmışdır. Necə ki Allah, “Məni tək olaraq (yalnız) yaratdığım kimsə ilə tək burax.”ayəsiylə, hər insanın Öz qatında əslində yalnız olduğu gerçəyinə diqqət çəkmişdir. (Muddəssir Surəsi, 11) Bu heyrətamiz gerçək daha bir çox ayədə xəbər verilmişdir:

    “Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz…” (Ən’am Surəsi, 94) Və onların hamısı, qiyamət günü Ona, tək-tənha, tək başına gələcəklər. (Məryəm Surəsi, 95)

    Bu ayələrdə izah edilən gerçəyin bir mənası da budur ki, maddəni ilah qəbul edənlər, Allahdan gəlmiş və yenə Ona dönmüşlər. İstəsələr də, istəməsələr də Allaha təslim olmuşlar. İndi hesab gününü gözləyirlər və o gün hamısı tək-tək sorğuya çəkiləcək. Nə qədər anlamaq istəməsələr də…

    ——————————————————————————–

    Qeydlər

    1 Rennan Pekünlü “Aldatmacanın Evrimsizliyi”, Elm və Utopiya, dekabr 1998

    2 Alaettin Şenel, “Evrim Aldatmacasımı?, Devrin Aldatmacasımı?” Elm və Utopiya, dekabr 1998

    İzlənmə sayı: 1637