Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


ELM DÜNYASI »

  • Hansı canlılar dronlara ilham mənbəyi olur?


    İynəcənin manevr qabiliyyəti, işıldaquşun 100% səmərəli işıq istehsal etməsi, bayquşun səssiz uçması ... Bir çox canlıya məxsus bu xüsusiyyətlər əsrlərdir ki, insanları heyran qoymuşdur. Bu xüsusiyyətlər alimlərə ilham mənbəyi olub yeni elm sahəsinin ortaya çıxmasına da şərait yaratmışdır.

    Biomimetika (biomimetik) anlayışı ilk dəfə montanalı yazıçı və elmi müşahidəçi Canin Benyus (Janine M.Benyus) tərəfindən istifadə edilmişdir. Mənası "biotəqlid" olan bu anlayış bir çox insan tərəfindən şərh olunmuş və praktikada tətbiq edilmişdir. "Təbiətdəki canlıların təqlidi" mənasını verən bu elm sahəsi son dövrlərdə texnologiya dünyasında tez-tez bəhs edilir və insanlara yeni ideya mənbəyi olur. Məsələn, "Interface Fokus" jurnalının 2016-cı il dekabr buraxılışında yayımlanan son araşdırmalara görə, dron adlı robotlar, yəni pilotsuz uçan aparatlar təbiətdən ilham alınaraq hazırlanır. Dronların təkmilləşdirilməsi üçün nümunə götürülən canlılardan bəziləri bunlardır:

    Günlərlə dincəlmədən uçan quşlar

    Bəzi quş növləri köç zamanı günlərlə, hətta aylarla istirahət etmədən və yatmadan uça bilirlər. Elm adamları da illərdir ki, quşların bunu necə bacardıqlarını araşdırırlar. Əvvəllər quşların "yarım kürəlik yatma" üsulu ilə bunu bacardıqları düşünülürdü. Bu üsula görə güman edilirdi ki, quşlar bir gözünü açıq saxlayaraq beyinlərinin bir yarımkürəsini işlədirlər və bu zaman digərini dincəldirlər. Lakin son araşdırmalar göstərdi ki, pirat (Fregata minor) quşları eyni anda həm uçub (yüksəlmə və ya süzülmə anında), həm də "mikro yuxu" ilə beyinlərini dincəldirlər. Alimlər də bu quş növü kimi günlərlə, hətta aylarla durmadan havada qalan dronlar üzərində araşdırmalar aparırlar.

    Səssiz uçuş mütəxəssisləri: bayquşlar

    Bayquşun çox yaxşı gecə ovçusu olduğunu bir çoxumuz bilirik. Bu qədər yaxşı ovçu olmasının əsas səbəbi səssiz uçmasıdır. Bioloqlar, riyaziyyatçılar və mühəndislər bayquşların bu qeyri-adi aerodinamik xüsusiyyətini araşdırdılar, axırda belə səssiz uçmaq üçün lazımi bir çox özəlliklərin bayquşda olduğunu kəşf etdilər. Məsələn, bayquşların qanadları çox enlidir, məxmərə bənzər səthi və bir-birinə qarmaq kimi ilişmiş nahamar tük quruluşu sayəsində onlar çox səssiz uçurlar. Bu səssiz uçuş texnologiyasını dronlara tətbiq etmək üçün işlər görülür.

    Zədəli qanadlara baxmayaraq, uçan meyvə milçəkləri

    Dronlar nə qədər yüksək texnologiya məhsulu olsalar da, mütləq zədə alırlar. Bu səbəbdən dronları hazırlayan alimlərin araşdırdığı mövzulardan biri də bu idi: uçan aparatlar ziyan görsələr belə, uçmağa necə davam edə bilərlər. Bu sualın cavabını tapmaq üçün tədqiqatçılar bu dəfə meyvə milçəklərinə yönəldilər. Onlar bir qanadı zədəli olmasına baxmayaraq, uçan meyvə milçəklərini yüksək sürətli görüntüləmə qurğuları ilə araşdırdılar. Alınan nəticə alimlər üçün çox faydalı oldu.

    Meyvə milçəkləri havanın istiqamətinə görə qanad çalma formalarını dəyişdirərək və ziyan görən qanada doğru özlərini itələyərək uçuşlarına davam edirdilər.

    Hava axınından təsirlənməyən arılar

    Uçan canlılar və uçan aparatlar üçün ən böyük problemlərdən biri gözlənilməz güclü küləklərdir. Ancaq alimlər arıların çox küləkli havalarda da hədəflərindəki polen mənbələrinə getdiklərini kəşf etdilər. Bunu necə bacardıqlarını anlamaq üçün arıları külək tunellərinə yerləşdirdilər və arıların uçuş anlarını qeydə aldılar. Araşdırmanın nəticəsi isə mühəndislik möcüzələri ilə dolu idi.

    Arılar qarşılarına qəfil çıxan sərt küləklərə qarşı uçarkən qanad çırpmalarının tezliyini, genliyini və hətta simmetriyasını dəyişdirərək havada müqavimət (dayanıqlılıq) qazanırdılar. Əgər alimlər arıların bu texnikalarını dronlara tətbiq edə bilsələr, dronlar da hava burulğanına girdikdə uçmağa davam edəcəklər.

    Qarşılarına çıxan maneələri ustalıqla dəf edən göyərçinlər

    Yerə yaxın məsafədə uçan quşu çətin səfər gözləyir. Uçarkən ətrafdan gələn vizual məlumatları sürətlə şərh etməli və yoluna çıxan maneələrdən xilas olmaq üçün ani tənzimləmələr etməlidir. İrəli doğru uçarkən qarşısına çıxan obyektlərlə toqquşmamaq üçün sürətli manevrlər edən quşların bu xüsusiyyətini araşdırmaq istəyən alimlər göyərçinlərin hərəkətlərini üç ölçülü qeyd etdilər. Nəticə olaraq da göyərçinlərin uçduqları istiqamətlə eyni sıradakı boşluqları seçərək sürətlə istiqamətlərini təyin etdiklərini müəyyən etdilər. Bunun üçün göyərçinlər qanad çırpmalarında sadəcə bir neçə kiçik nizamlama edirlər.

    Alimlərin növbəti hədəfi quşların ustalıqla istiqamət tapma və manevr etmə qabiliyyətlərini pilotsuz uçan aparatlara tətbiq etməkdir. Beləliklə, dronlar uçarkən həm qarşılarına çıxan maneələri aşsın, həm də ən etibarlı yolu cəld keçsin.

    Böcəklərin yerə düşərkən çeviklikləri dronları daha da təkmilləşdirəcək

    Maraqlıdır ki, bəzən tədqiqatçılar uçuş haqqında məlumat toplamaq üçün uçmayan böcəklərdən də istifadə edirlər. Bu səbəbdən alimlər bir çox böcək növünü tədqiq etdilər. Bəzi böcək növlərinin aşağıya doğru düşərkən sürətlə özlərini döndərdiklərini müşahidə etdilər. Məsələn, kiçik çomaq böcəyi nimfası (böcəyin yarı yetkin halı) qanadsızdır. Amma bu böcək hündürlükdən aşağı düşərkən havada özünü düzəldərək yerə düzgün şəkildə enə bilir.

    Ayaq hərəkətlərini hava axınına görə tənzimləyərək 0,3 saniyə ərzində bu böcəklərin öz ətraflarında fırlandıqları kəşf edildi. Tədqiqatçılar həşəratlar tərəfindən istifadə edilən bu üsulun dronlara tətbiq edilməsi ilə dronların havadakı çevikliyini daha çox təkmilləşdirməyi düşünürlər.

    Tük tökülməsinə baxmayaraq, quşlar uçmağa necə davam edir?

    Təyyarədə uçarkən qanadlarının müəyyən hissələrinin qopduğunu təsəvvür edin. Sizə məntiqsiz gələ bilər, lakin tük tökmə mövsümündə quşlar bunu yaşayır.

    Mövsümi tük dəyişmə zamanı quşlar həm yorucu proses olan tük dəyişikliyini yaşayır, həm də təhlükəli də olsa, uçmağa davam edirlər. Bunu necə bacardıqlarını görmək istəyən tədqiqatçılar qarğa fəsiləsindən olan adidolaşa (corvusmonedulla) quşlarını müşahidə etdilər.

    Tük dəyişmə prosesinin müxtəlif mərhələlərində quşların uçuş aerodinamikalarını araşdırdılar. Tədqiqatın sonunda araşdırmaçılar quşların tük dəyişmə zamanı uçuş məhsuldarlığının azaldığını müşahidə etdilər. Amma möcüzəvi şəkildə quşlar qanadlarını elə formalara salaraq uçurdular ki, tüklərin əskik olduğu yerlərdəki boşluqlar tamamlanırdı. Alimlər bunu da dronlara tətbiq edə bilsələr, uçuş əsnasında qanadı ziyan görən dronlar uçmağa davam edə biləcək.

    Bütün canlılardakı üstün xüsusiyyətləri yaradan Allahdır

    Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, insan təbiəti təqlid edərək istər vaxt və əmək baxımından, istərsə də maddi vəsaitlərin məqsədəuyğun istifadə edilməsi baxımından bir çox üstünlüklər əldə edir. Bu mövzu ilə bağlı nümunə verilən canlıların hər biri çox üstün xüsusiyyətlərlə təchiz edilib. Şübhəsiz, canlıları bu xüsusiyyətlərlə yaradan uca Allahdır. Aləmlərin Rəbbi olan Allah bənzərsiz yaradandır. Bu həqiqət Quranda belə bildirilib:

    Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi ,117)

    Mənbələr:
    http://www.livescience.com/57247-ways-animal-flight-inspires-drone-designs.html
    http://www.harunyahya.org/tr/Makaleler/240346/Hangi-canlilar-dronelara-ilham-kaynagi-oluyor

    İzlənmə sayı: 451