Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


KÖŞƏ YAZILARI »

  • Məna böhranı – səbəbi və həll yolu


    Düşünməyə, təfəkkür etməyə əhəmiyyət verən insanlar hadisələrə laqeyd yanaşa bilmirlər. Diqqətlə müşahidə etdikdə dünyaya çökmüş bədbinliyi görməmək mümkün deyil. Bir az gəzişək və müşahidə edək. Bir tərəfdə işə gedən, işdən gələn, iş üçün mübarizə aparan, gələcəkdə işləyə bilmək üçün təhsil alan və s. insanları, digər tərəfdə isə artıq təqaüdə çıxmış, dəniz sahilində əyləşib bütün ömrünü nə üçün yaşadığını düşünən yaşlıları, eyni yerlərdə, parklarda sadəcə sağ qalmağa çalışan evsiz, işsiz insanları, yaxud dostları ilə vaxt keçirən, əylənən, həyatını yaşayan insanları görə bilərik. Sadaladığım bu nümunələri ölkələrə, bölgələrə və s. digər kateqoriyalara görə artırmaq olar. Lakin bir məqam dəyişməyəcək: insanlar xoşbəxt deyil. Bəli, insanlar xoşbəxt deyil. Həm də bütün dünyada. Bunu hər birimiz öz sahəmizdə də müşahidə edirik. İnsanların gözündə boşluğu, mənasızlığı, ümidsizliyi görmək çətin deyil. Bəs səbəb nədir?
    Səbəb məqsədsizlikdir. İnsanlar məna böhranı yaşayırlar. Həyatın mənasını, yaşamağın mənasını bilmədikləri üçün, bir növ, məqsədsiz, boş yaşayırlar. Bu mənəvi boşluq da, təbii olaraq, insanları məna böhranına sürükləyir. Hazırda dünyadakı insanların əksəriyyəti həqiqətən nə üçün yaşadığını bilmir. Hətta nəinki bilmir, ümumiyyətlə araşdırmır və düşünmür. Sadəcə robot kimi cəmiyyəti təqlid edir. Ölkələrə və cəmiyyətlərə uyğun standart həyat normaları mövcuddur ki, əksər insan da bu normaları araşdırmadan, sorğulamadan, nə üçün riayət etməli olduğunu düşünmədən, sadəcə ətrafındakı insanların etdiklərini təkrarlayaraq böyüdüyü cəmiyyətin qanunlarından kənara çıxmamağa çalışır. Nə üçün mövcud olduqlarını, həyatın mənasının nə olduğunu, yaşamaq məqsədinin nə olduğunu düşünmədən, təfəkkür etmədən sadəcə yaş dövrlərinə uyğun olaraq cəmiyyətə hakim olan ümumi dünyagörüş çərçivəsində standart şablon addımları təkrarlamağa çalışırlar.
    İnsanların həqiqi mənada xoşbəxt ola bilməməsinin səbəbi düşünməməkdir. Hər bir insan səmimi şəkildə öz varlığı, kainatın, ümumiyyətlə mövcudluğun səbəbləri barədə düşünsə, araşdırsa, həyatını şablonlar üzərində deyil, yaradılış səbəbləri üzərində qursa məqsədli bir insan olaraq xoşbəxt yaşaya bilər. Çünki insana xoşbəxtliyi maddə vermir. Əşyalar, mal-mülk, zənginlik və s. xoşbəxtlik səbəbi deyil. Bir çoxumuz ən zəngin ailələrin övladlarının da gənc yaşda intihar edərək dünyasını dəyişdiyinə çox şahid olmuşuq. Halbuki, bu insanlar dünyaya gələndən maddi olaraq hər şeyə sahib idilər və istədikləri hər şeyi də etmişdilər. Lakin yenə də dərin mənəvi boşluğu maddi nemətlərlə doldura bilmədilər və nəticədə intihar etdilər.
    İnsan başıboş, məqsədsiz varlıq deyil. Təsadüflərin şüursuz mexanizmlərinin ortaya çıxardığı məqsədsiz heyvan növü deyil. İnsan xüsusi yaradılmış, yaradılış səbəbi olan, məqsədli ali bir varlıqdır. Var edilmə səbəbini tapmayan, məqsədini araşdırmayan, boş, məqsədsiz yaşayan bir insan, ömrünü heç sağlam şəkildə başa vura bilməz, qaldıki xoşbəxt olmaq.
    Bütün bunlarla yanaşı insanları düşünməməyə yönləndirən, mənəvi kölələşdirən və sömürən bir ideoloji sistem var: materializm. Materializmin elmlə heç bir əlaqəsi yoxdur. Qədim dövrlərdə heç bir elmi əsası olmayan, bir neçə filosofun düşüncələrindən ibarət idoloji fikirlər idi. Daha sonralar elmin inkişafı ilə, elmi kəşflərlə bu ideologiyanın bütün əsasları bir-bir süquta uğradı. Lakin materializm artıq dünyaya hakim bir “din”ə çevrilmişdi və elmi yeniliklər əhəmiyyət kəsb etmədi. Materializmi din kimi qəbul edən insanlar bu batil dini bütün dünyaya yaymaq üçün bütün qüvvələrini istifadə edib, hər cür kütləvi təbliğ vasitəsilə illərlə, əsrlərlə bu ideologiyanı insanların şüuraltına təlqin edərək hakim etdilər. Nəticədə dünya, bir növ, kölələşdirildi. Artıq çox az insan istisna olmaqla, bütün insanlar gipnoz olunmuş kimi, düşünməyi bir kənara buraxıb materialist ideologiyanın təsiri ilə şablon həyat tərzi yaşayırlar. Elmi artıq ideologiyalarına alət edə bilməyən materialistlər kütləvi informasiya sahələrini, media, film və s. kütləvi təbliğ sektorlarının vasitəsi ilə gündəlik olaraq hər kəsin evinə girir təbliğ edirlər. Nəyi təbliğ edirlər? - Həyatın mənasız olduğunu.
    Bəli, materializmə görə həyat mənasızdır. İnsanlar bu amili birbaşa çılpaqlığı ilə görmürlər. Çünki təbliğ üçün istifadə edilən metodlar fərqlidir. İnsanlara, əslində, süni “məqsədlər” təqdim edilir. Çünki yaşamaq lazımdır və yaşamaq üçün məqsəd lazımdır. Məqalənin əvvəlində ətrafda müşahidə etdiyimiz bir neçə kateqoriyadan insan nümunələri çəkmişdim. Diqqət yetirmişdinizsə, hamısının əsas ortaq xüsusiyyəti “işləmək” idi. Hamı işləməyə çalışır. Təhsil almaq üçün məktəbə, universitetə, kurslara gedirlər. Məqsəd təkcə işləmək və həyatda qalmağa çalışmaqdır. Təbii ki, yaşamaq üçün işləmək lazımdır. Lakin işləmək həyat məqsədi ola bilməz. Ailə, uşaq həyat məqsədi ola bilməz. Əyləncə həyat məqsədi ola bilməz. Bunları həyat məqsədi zənn edən insanlar da bütün bunlara sahib olduqdan sonra yenə də nəyinsə çatışmadığını anlayırlar. Yaradılış səbəbimiz bunlar ola bilməz. Bütün kainatdakı milayrdla nəhəng nizamlar, ahənglər, uyğunluqlar hər saniyə sırf insan uşaq dünyaya gətirsin, əylənsin və ölsün deyə deyil, təbii ki. Bunu əslində düşünən çox insan qavrayır. Bir çox insan isə sadaladığım süni məqsədləri tamamladıqdan sonra içində yenə də dərin boşluğun dolmadığını görəndə anlamağa başlayır. Lakin düşünmək, anlamaq üçün gec deyil.
    Öldükdən sonra yox olacağını, özünün də təsadüfən ortaya çıxan mənasız, məqsədsiz, başıboş bir heyvan növü olduğunu, tək məqsədinin həyatda qalmaq üçün digərləri ilə mübarizə aparmaq olduğunu düşünən bir insan üçün, təbii ki, heç bir əxlaqi norma, dəyər, mənəviyyat və s. əhəmiyyət daşımır. Qorxutmaq üçün qoyulan qanunların olmadığı bir mühitdə yaranacaq mənzərə aydındır. Hər kəsin bir-birini öldürdüyü, heç bir sərhədin tanınmadığı, heç bir əxlaqi ölçünün olmadığı, anarxiyanın, xaosun hakim olduğu bir mühit qaçınılmaz olar. İnsan təlqinə açıq varlıqdır və bir çox insan düşünməyi deyil, çoxluğa tabe olaraq yaşamağı seçir. Bu təqdirdə insanlara “siz həyatda qalmaq üçün bir-birinizlə mübarizə aparmalı heyvan növüsünüz”, “güclü olan həyatda qalmalıdır” məntiqi təbliğ olunduqda bu “niyə dünya bu gündədir”, “niyə hər yerdə müharibələr var”, “niyə insanlar bir-birini öldürür”, “niyə insanlar belə qəddardır, necə olacaq bu dünyanın axırı” suallarının da cavabı verilmiş olur. Dünyadakı problemlərin mənbəyini axtaran dünyaya hakim olan ideologiyaya materializmə baxmalıdır.
    Həyatın təsadüfi proseslərlə öz-özünə ortaya çıxdığını, hər şeyin sonsuzdan bəri mövcud olan maddədən ibarət olduğunu, insanın da yaşamaq uğrunda mübarizə aparan məməli heyvan növü olduğunu irəli sürən materializm elmi olaraq tamamilə süquta uğramışdır. Astronomiya sahəsində Big-Bang nəzəriyyəsinin kəşfi ilə, fizika sahəsində kvant mexanizminin kəşfi ilə, biologiya sahəsində canlıların kompleksliyinin, DNT – dəki şüurun, növlərin dəyişməzliyinin kəşfi ilə, paleontologiya sahəsindəki canlıların yaradıldığını göstərən milyonlarla qalıqların tapılması ilə, Məlumat nəzəriyyəsinə görə şüurun, ağlın, informasiyanın maddəyə sadələşdirməyin mümkün olmadığının isbatı ilə və bir çox başqa elmi yeniliklərin kəşfi ilə materializm elmi olaraq tam şəkildə süqut etmişdir. Elm kainatın Yaradıldığını, yer kürəsinin, canlıların isə xüsusi yaradılış nümunəsi olduğunu isbat etmişdir. Bütün bunlar da insanın təsadüflər nəticəsində ortaya çıxmış heç bir məqsədi olmayan, başıboş heyvan növü olmadığını, əksinə xüsusi yaradılmış, məqsədi olan varlıq olduğunu göstərir.
    Bir anlıq dayanmalı, etdiyimiz şeyləri tək-tək nə üçün etdiyimizi düşnməliyik. Mövcudluğu, varlığı, həyatı araşdırmalıyıq. Necə ortaya çıxdığımızı, nə üçün var edildiyimizi, məqsədimizin nə olduğunu araşdırmalı və yaradılış məqsədimizə uyğun yaşamalıyıq. Həqiqi mənada xoşbəxtlik, mənəvi rahatlıq, daxili hüzur sadəcə bu formada mümkündür.

    Savalan Məmmədli

    İzlənmə sayı: 1746