Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


VÜCUDUMUZ »

  • Müdafiə sistemimizdə fəal orqanlarımız


    İmmun sistemimiz olmasaydı, həyatımızı davam etdirə bilərdikmi? Bu sistem bəzi funksiyalarını tam yerinə yetirməsəydi, necə yaşayardıq? İnsan orqanizminin ən əsas sistemlərindən biri olan immun sistemi həyati əhəmiyyətli funksiya daşıyır. İnsan fərqinə varmasa da, bu sistemin bütün fərdləri eynilə bir ordu kimi onun bədənini qoruyurlar. Bakteriya, virus və digər yad orqanizmlərə qarşı bədəni qoruyan immun hüceyrələrinin qeyri-adi qabiliyyətləri var. Bu hüceyrələrin orqanizmdə müdafiə zamanı göstərdikləri zəka, səy və fədakarlıq nümunələri bunları öyrənən hər insanı heyrətləndirəcək.

    Döyüşçü istehsal edən mərkəz: sümük iliyi

    Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atıldıqda radiasiyaya məruz qalan bir çox insan 10-15 gün ərzində daxili qanaxma və yoluxucu xəstəliklərdən öldü. Bu insanlara nə olduğunu anlamaq üçün heyvanlar üzərində keçirilən təcrübələrdə orqanizmin tamamilə radiasiyaya məruz qalması nəticəsində qan hasil edən immun sisteminin əsas hüceyrələrinin öldüyü məlum oldu. Bu isə bədənin qısa müddətdə ölməsi demək idi.

    Bu vacib hüceyrələr sümük iliyində hasil olunurlar. Ancaq bir xüsusa diqqət etmək lazımdır: bu fabrikdə, yəni sümük iliyində bir-birindən fərqli məhsullar istehsal olunur. Çünki burada əmələ gələn bəzi hüceyrələr faqositoz hasil olunmasında, bəziləri qanın laxtalanmasında, bəziləri isə orqanizmə daxil olan qidaların parçalanmasında rol oynayır. Bu hüceyrələrin funksiyaları kimi, quruluşları da bir-birindən fərqlidir.

    Diqqət etsək, görərik ki, ortaq məqsədə xidmət edən bir çox müxtəlif hüceyrə üçün orqanizmimizdə xüsusi hasilat sistemi qurulub.

    Burada təkamül nəzəriyyəsi çıxılmaz vəziyyətə düşür. Çünki təkamül nəzəriyyəsi çoxhüceyrəli orqanizmlərin birhüceyrəli canlılardan təkamül yolu ilə əmələ gəldiyini iddia edir.

    Bəs təsadüfən meydana gəlmiş hüceyrələr birləşdikdən sonra necə olur ki, yeni hüceyrələr inşa edərək bir sistemi yoxdan var edirlər? Bu, kərpic anbarında meydana gələn partlayış nəticəsində havaya sovrulan minlərlə kərpicin öz-özlərinə, üst-üstə düşərək bina əmələ gətirməsinə bənzəyir. Habelə, bu binanın içində yeni kərpiclər inşa edən mini fabrik də əmələ gəlməlidir.

    İçimizdəki fakültə: çəngələbənzər vəz

    Bioloji cəhətdən təhlil edildikdə, çəngələbənzər vəz (timus) elə bir xüsusiyyəti olmayan adi orqan kimi görünür. Ancaq gördüyü işi nəzərə alsaq, insan orqanizminin bütün həyatı boyu ehtiyacı olan məlumatların bir orqandan digər orqana ötürülməsinin çəngələbənzər vəzdə baş verdiyini görərik.

    Çəngələbənzər vəz limfositlərə bir növ təhsil verir. Bəli, səhv oxumadınız. Çəngələbənzər vəzdə hüceyrələr təhsil alırlar.

    Təhsil ancaq zəkaya malik varlıqlara aid məlumat ötürülməsidir. Ancaq burada mühüm cəhət var. Orqanizmimizdə təhsili verən bir ət parçası, yəni çəngələbənzər vəzdir, təhsil alan isə kiçik bir hüceyrədir. Yəni hər ikisi şüursuz varlıqlardır.

    Çəngələbənzər vəzdə təhsil aldıqdan sonra limfositlər çox mühüm məlumatlara yiyələnirlər. Orqanizmdəki hüceyrələrin antigenlərini tanımağı öyrənirlər. Bu, bir növ orqanizmə aid hüceyrələrin limfositlərə öyrədilməsidir. Nəticədə, hüceyrələr yüklü məlumatla çəngələbənzər vəzi tərk edirlər.

    Beləliklə, limfositlər orqanizmdə funksiyalarını yerinə yetirərkən tanıdıqları hüceyrələrə hücum etmirlər. Digər hər hüceyrəyə və yad maddəyə hücum edib məhv edirlər.

    Çəngələbənzər vəz uzun illər təkamülçü elm adamları tərəfindən rudiment orqan hesab edilmiş və təkamülə dəlil göstərilmişdi. Halbuki, son illərdə bu orqanın immun sistemimizin əsas hissəsi olduğu məlum olub. Bundan sonra çəngələbənzər vəzin rudiment orqan olduğunu iddia edən təkamülçülər indi bu orqan haqqında tamam fərqli nəzəriyyə irəli sürüblər. Çəngələbənzər vəzin əvvəl olmadığını, yavaş-yavaş təkamül keçirərək meydana gəldiyini iddia edirlər. Çəngələbənzər vəzin digər orqanlardan daha uzun təkamül prosesi keçirdiyini irəli sürürlər. Ancaq çəngələbənzər vəz olmadan və ya tam inkişaf etmədən T hüceyrələri düşməni tanımağı öyrənməz və orqanizmi müdafiə edə bilməz. İmmun sistemi olmayan insan isə həyatını davam etdirə bilməz. Hal-hazırda, sizin bu cümləni oxuya bilməniz belə çəngələbənzər vəzin uzun təkamül prosesi nəticəsində deyil, ilk insandan bəri qüsursuz, tam yaradıldığının dəlilidir.

    Çoxfunksiyalı orqan: dalaq

    İmmun sistemimizin digər üzvü də dalaqdır. Dalaq qırmızı və ağ olmaqla, iki hissədən təşkil olunub. Ağ hissədə hasil edilən gənc limfositlər, əvvəlcə, qırmızı hissəyə köçür, buradan da qan dövranına qarışırlar. Mədənin yanında yerləşən tünd qırmızı rəngli bu orqan çox mürəkkəb funksiyalar yerinə yetirir.

    Dalağın hüceyrə hasil etmə, faqositoz, eritrosit tədarük etmə və immun sisteminə kömək kimi mühüm funksiyaları var. Şübhəsiz ki, dalaq da digər orqanlarımız kimi sadəcə ət parçasıdır. Heç bir çatışmazlıq olmadan bütün işləri təşkil edərkən dincəlmədən işləyir. Həqiqətən də dalaq doğulduğu andan etibarən insan üçün işləyir və Allah istədiyi müddət qədər funksiyasını fasiləsiz yerinə yetirir.

    Digər hasilat mərkəzi: limfa vəzləri

    İnsan orqanizmində bütün bədənə yayılmış polis və təhqiqat təşkilatı var. Bu sistemdə növbətçi polislər olan, lazım gəldikdə yeni polislər yetişdirən polis şöbələri də var. Bu sistem limfa sistemi, polis şöbələri də limfa vəzləridir. Sistemin polisləri limfosit hüceyrələridir. Limfa sistemi insanın əmrinə verilmiş möcüzədir.

    Bu sistem bütün orqanizmə yayılmış limfa damarları, bu damarların müəyyən yerlərinə yerləşdirilmiş limfa vəzləri, limfa vəzlərinin hasil etdiyi və limfa damarlarında nəzarətçi rolunu daşıyan limfositlər və limfa adlanan maye toxumadan ibarətdir. Limfositlər bu maye toxumanın içində üzür. Sistem belə işləyir: bütün orqanizmə yayılmış limfa kapillyarlarının içindəki maye toxuma limfa kapillyarlarının ətrafındakı toxumalara açılır. Bundan sonra yenidən limfa kapillyarlarına qayıdan maye toxuma özü ilə həmin toxumalara aid bəzi məlumatlar gətirir. Bu məlumatlar limfa damarları boyu yerləşən ən yaxın limfa vəzinə çatdırılır. Əgər toxumalara düşmən orqanizm hücum edibsə, bu barədə məlumat da limfa mayesi vasitəsilə limfa vəzinə çatdırılır.

    Düşmənə aid məlumat təhlil olunduqdan sonra, əgər bir təhlükə varsa, həyəcan siqnalı verilir. Limfa vəzlərində sürətlə limfosit və digər döyüşçü hüceyrələrin hasilatına başlanılır.

    Hasilat mərhələsindən sonra yeni əsgərləri döyüş cəbhəsinə göndərməyin vaxtı çatıb. Yeni əsgərlər limfa vəzlərindən limfa mayesi vasitəsilə limfa damarlarına keçirlər. Limfa damarlarından da qan dövranına keçən əsgərlər döyüş bölgəsinə çatırlar. Ona görə, infeksiya olan bölgədə limfa vəzləri əvvəlcə şişir. Bu, həmin bölgədə limfosit hasilatının artdığını göstərir.

    İndi bu sistemi xülasələyək:

    Bütün orqanizmi başdan-ayağa qədər əhatə edən xüsusi nəqliyyat sistemi- limfa damarları

    Orqanizmin bir çox bölgəsinə yerləşdirilmiş polis şöbələri – limfa vəzləri

    Düşmən əsgərləri haqqında məxfi məlumatın əldə edilməsi

    Bu məlumata əsasən, əsgərlərin – limfositlərin hasil olunması

    Bircə hissəsi olmasa, işə yaramayacaq bu sistemin zaman ərzində mərhələli şəkildə təkamül yolu ilə əmələ gəlməsi qeyri-mümkündür. Məsələn, limfa vəzləri və limfositləri olan, ancaq limfa damarları yaradılmamış sistem işə yaramaz. Sistemin işləməsi üçün bütün hissələr eyni anda yaradılmalıdır.

    Rəbbimizin yaratması ilə bağlı bir ayədə belə buyurulur:

    Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allah`dan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Həcc surəsi, 73)

    Badamcıqlar

    Badamcıqlar boğazda limfositlərin toplandığı və xarici mühitə açılan ağızda ilk maneəni təşkil edən kiçik orqanlardır. Limfa mayesi badamcıqların içində yerləşən limfa damarlarından boyun və çənəaltı limfa düyünlərinə doğru axır. Bu zaman limfa damarlarının divarlarından limfositlər ifraz olunur. Orqanizmə daxil olan mikroblar buradan ifraz olunan limfositlər tərəfindən təmizlənirlər.

    Aydındır ki, kainatdakı hər şey kimi insan həyatı da üstün güc və ağıl sahibi olan Allah`ın nəzarəti altındadır. İnsan ağlının bu sistemlərin necə işlədiyini hələ anlamaması da bu orqanların üstün bir ağılın əsəri olduğunu sübut edir. Bütün bu sistemləri yaradan sonsuz güc sahibi Rəbbimizdir.

    Aləmlərin Rəbbi olan uca Allah kainatdakı hər şey kimi, orqanizmimizə və trilyonlarla hüceyrəyə də boyun əydirmişdir:

    Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Allah`dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər ucadır. (Əraf surəsi, 54)

    İzlənmə sayı: 2188