Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


VÜCUDUMUZ »

  • Qan dövranını tənzimləyən mexanizm


    Görüləcək işin faydalarını və zərərlərini hesablayaraq tədbir görmək insana, yəni ağıla xas xüsusiyyətdir. Ancaq insan bədənindəki qan dövranına nəzər saldıqda insandan daha ağıllı görünən bəzi varlıqların birlikdə mütəşəkkil işin öhdəsindən gəldiklərini görürük. Onların üzərinə düşən məsuliyyət isə daha böyükdür: bir insanın həyatı! Buna görə, fasiləsiz, səhvsiz, hər vəziyyətə və şəraitə uyğun tədbir görərək yollarına davam etməlidirlər.

    Orqanizmdəki bu mexanizmin ağıllı olduğunu sübut edən bir çox dəlil var. Əvvəlcə orqanizmin ehtiyacları müəyyən olunur. Bunun hansı qərarla edildiyi və ehtiyacların kim tərəfindən müəyyən edildiyi məlum deyil. Ancaq ürək, damarlar, qandakı hüceyrələr birlikdə həddindən artıq şüurlu və mütəşəkkil şəkildə fəaliyyət göstərirlər. Ürək qanı müəyyən miqdarda vurur, eritrositlər (qırmızı qan hüceyrələri) daşıdıqları oksigeni müəyyən hüceyrələrə paylayır və damarlar müəyyən yerləri qanla təmin edirlər.

    Siz yatarkən və ya dincələrkən ürəyinizin çox qan vurmasına ehtiyac yoxdur. Yataqdan cəld qalxdıqda təngnəfəs olmağınıza səbəb aradakı bu fərqdir. Ürək siz yatarkən sizi yaşadacaq qədər qan vurur. Bu, çox önəmli qənaətdir. Yataqdan qalxıb yeriməyə başladıqda ürəyin hərəkəti artır. Sizi daha artıq çətinliyə salmadan məlumat lazımi yerə çatdırılmışdır: bədən hərəkət edir və daha artıq qana ehtiyac var. Qaçmağa başladıqda isə ürəyinizin qan vurma sürəti və həcmi 6-7 dəfə artır. Orqanizm çox qənaətcildir. Bədənin hər tərəfinə hər an eyni miqdarda qan getmir. Qan yemək yedikdə mədənizə, üzdükdə ağciyərlərinizə və əzələlərinizə, bir şey oxuduqda beyninizə toplanır. Çünki həmin an qidalanmalı və nəfəs almalı hüceyrələr o bölgələrdədir.

    Orqanizm təkcə bu anlarda qənaət etmir. Normal şəraitdə bədən əzələlərini qidalandırmaq üçün xüsusi səy göstərmir. Əzələlər bədənin 30-40%-ni təşkil edir. Buna baxmayaraq, gündəlik dincəlmə vəziyyətində əzələlərə gedən qanın miqdarı həddindən artıq azdır. Ancaq əzələlərinizi işlətməyə başladıqda maddələr mübadiləsi 50 dəfə, əzələlərə qan axını isə 20-25 dəfə artır. Bu, həqiqətən, heyrətamiz dəyişiklikdir. İdman hərəkətləri zamanı əzələlərin bu qədər çox qana ehtiyacı var. Əgər normal şəraitdə də əzələlərin bu qədər çox qana ehtiyacı olsaydı, şübhəsiz ki, ürək bunu təmin edə bilməzdi. Orqanizmin ağıllı nəzarətçiləri bunun əvəzinə qanı beyin kimi daha vacib, lazımlı yerlərə istiqamətləndirirlər.

    Beyin daima qidalanmalı və oksigenlə təmin olunmalıdır. Çünki beyin orqanizmdə baş verən proseslərə və bütün orqanlara nəzarət edir. Maraqlısı budur ki, ürək, qan damarları və qan hüceyrələri bunu bilirlər. Buna görə, beyinə daima qan göndərilir. Damarlar beyinə hər dəqiqə təqribən 1 litr qan göndərməlidirlər. Qanaxma baş verdikdə isə orqanizmdə azalan qanı müəyyən sinirlər beyinə göndərir. Beyindəki damarlar bu təcili vəziyyətə uyğun özlərini tənzimləyirlər, yəni ya genişlənir, ya da daralırlar. Vəziyyətdən xəbərdar olan orqanizmin başqa hissəsindəki qan damarları əsas mərkəzi xilas etmək üçün qan axınını dayandırırlar. Beləliklə, daha az əhəmiyyətli orqanlara qanın göndərilməsinin qarşısı alınır. İnsan bədəninin hər yerində özünü göstərən ağıl burada da qarşımıza çıxır.

    Orqanizmdəki hər toxumanın qan ehtiyacı tam təmin edilir. Məsələn, ən çox oksigenə ehtiyacı olan toxumaya qan lazımi miqdarda və ya bir az artıq göndərilir. Lakin bundan daha artıq qan verilmir. Bu tənzimləmə həm toxumaları kifayət qədər qidalandırır, həm də ürəyin fəaliyyətini minimum səviyyədə saxlayır. Böyük əhəmiyyət kəsb edən bu tənzimləmə sistemi damarlarla əlaqədardır. Damarlar ancaq qana ehtiyacı olan toxumalar üçün yollarını açır, yəni genişlənirlər, o əsnada daha az qana ehtiyacı olan toxuma üçün yolları bağlayır, yəni daralırlar. Damarları əzələlərlə əhatə edən mükəmməl yaradılış burada özünü biruzə verir.

    Bəs bu cür tənzimləmə mexanizmi olmasaydı və orqanizmdəki hər toxuma və orqan hər an bərabər səviyyədə qan alsaydı, nə baş verərdi? Onda ürək hal-hazırda olduğundan bir dəfə artıq qan vurardı. Ürək, təbii ki, bu ritmə uyğunlaşa bilməz və qısa müddətdə yorulardı. Hündür dağa çıxdığınızı və ya həddindən çox idman etdiyinizi düşünün. Bu zaman bədəninizin daha çox oksigenə ehtiyacı olur. Bu oksigen ehtiyacını təmin etmək üçün nə qədər sürətlə nəfəs alırsınız və ürəyiniz necə sürətlə döyünür. Bədənin bütün toxumaları eyni miqdarda qanla qidalanarsa, siz günün 24 saatı buna bənzər şəkildə, bəlkə daha çətin yaşayacaqsınız. Bu müqayisə bədənin tənzimləmə mexanizminin sizin üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərmək üçün kifayətdir.

    Həqiqətən, damarlar bu mükəmməl tənzimləmə mexanizmi üçün xüsusi yaradılmışdır. Fövqəladə hallarda nə etməli olduqlarını bilir və buna əsasən, çox ağıllı tədbirlər görürlər. Məsələn, soyuq şəraitdə bədən temperaturu düşür və beyin zərər görür. Ancaq insan damarların bu üstün qabiliyyəti sayəsində şaxtaya davam gətirir. Soyuq havada ayaq və əl barmaqlarındakı damarlar görülən ilk tədbir nəticəsində daralırlar. Bu şəkildə əl və ayaq barmaqlarına qan axını azaldılır və bədəndəki qanın soyumasının qarşısı alınır. Məlumdur ki, əl və ayaqlardakı damarlar səthə yaxındır və buna görə, bədəndəki qanın soyumasına səbəb ola bilərlər. Qanın soyuması isə qan ilə qidalanan ürək və beyinin soyumasına səbəb olur ki, bu da böyük təhlükədir.

    Həddindən artıq şaxtalı havada isə bədəninizdəki damarlar sizi donmaqdan, yəni ölümdən xilas etmək üçün barmaqlarınızı fəda edir və bu bölgəyə qan axınını tamamilə dayandırırlar. Eyni anda beyin də xəbər göndərərək əzələlərin bir-birinə toxunaraq titrəməsinə səbəb olur. Bu titrəmə nəticəsində hərəkətə gələn damarlar və qan bədən temperaturunun bir az qalxmasına səbəb olur. Qarlı havada çölə çıxdıqda, şübhəsiz ki, siz də bədəninizdə görülən bu tədbirlərin təsirini dərhal hiss edirsiniz. Soyuğun ilk təsir etdiyi yer əl və ayaqlarınızdır. Bədəninizdə başlayan titrəmə də beyindən gələn əmrin nəticəsidir.

    Damarların daralıb-genişlənməsi də, şübhəsiz ki, beyinin nəzarəti altındadır. Beyin müxtəlif sinir hüceyrələri və hormonlar vasitəsilə müvafiq damarlara əmr göndərir. Bu yolla hər toxumanın ehtiyacı müəyyən edilir. Məsələn, psixoloji hal olmasına baxmayaraq, utandıqda sinirlərinizdən gələn siqnallar arteriyaları əhatə edən əzələlərə çatır. Arteriyaların genişlənməsi nəticəsində qan axını artır və üzünüz birdən qızarır.

    O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı. Əlamətlər (yaratdı). (İnsanlar) ulduzlar vasitəsilə də (getdikləri) yolu müəyyənləşdirirlər. Heç Yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? (Nəhl surəsi, 15-17)

    Kapilyarlar isə bu işdə ən sərbəst davranan damarlardır. Ehtiyaca əsasən, qan göndərir, lazım gəldikdə qanın verilməsini tamamilə dayandırır. Lazım gəldikdə isə növbəli şəkildə qanın keçməsinə icazə verirlər. Məsələn, siz dincələrkən bir çox kapilyardakı qanın axını dayanır. Ancaq düz bağırsağınızda yeməkdən sonra qanın axını sürətlənir. Normal şəraitdə bədəninizdə bütün kapilyarlarınızı dolduracaq qədər qan yoxdur. Əgər orqanizm bütün kapilyarlarınızı qanla doldursaydı, beyninizə qan getməzdi və qısa müddətdə huşunuzu itirərdiniz. Bu halın davam etməsi isə beyninizin ölümünə səbəb olardı.

    Kapilyarların qan axınını birbaşa tənzimləmə qabiliyyətləri qanın soyumaması və beləcə, bədən temperaturunun sabit qalması baxımından çox əhəmiyyətli xüsusiyyətdir. Soyuq havada, xüsusilə dəriyə yaxın bölgələrdə kapilyarların qan axınını dayandırması burada temperatur itkisinin qarşısını alır.

    Bədən temperaturunun normada saxlanılmasına soyuq hava kimi isti hava da təsir edir. Həddindən artıq isti havada bədəndəki damarlar əks metoddan istifadə edirlər. İsti şəraitdə dərinizə yaxın olan qan damarları genişlənir. Qan dərinizə, yəni səthə yaxın yerlərə axır. Buna görə, üzünüz qızarır. Qanın temperaturu dərinizi isidir və bu temperatur dəridən havaya ötürülür. Beləliklə, istiyə baxmayaraq, bədən temperaturunuz normal səviyyədə qalır.

    Daha bir çox mühüm xüsusiyyəti olan bu tənzimləmə mexanizmi üzərində ağılla düşünən hər insan mühüm həqiqətin fərqinə varır. Qarşımızda insan ağlının hüdudlarını aşan ağıl, dizayn və qüsursuzluq var. Bütün bunlara açıq şüurla açıqlama axtaran insan Allahın mütləq varlığını və hakimiyyətini dərk edəcəkdir.

    Bu mükəmməl xüsusiyyətlər Allahın varlığının hər yerdə olduğunu, Allahın bədənimizdəki ehtişamlı əsərlərini göstərir. Bu açıq həqiqətləri görə bilməyən və ya görmək istəməyən insanlar düşdükləri vəziyyəti axirətdə anlayacaqlar. Onlara göstərilmiş saysız-hesabsız dəlili görməməzliyə vurduqları, hətta gördükləri halda, bütün bunlar üçün başqa açıqlamalar axtardıqları üçün Allah qatında əzablı qarşılığını görə bilərlər. Bilə-bilə inkar edənlər üçün Allah sonsuz cəhənnəm həyatı hazırlamışdır.

    Ağılla düşünən hər insan axirət həyatının gerçək olduğunu fikirləşməli və cəhənnəm əzabından qorxmalıdır. Allah inkar edərək axirətə köçənlərin vəziyyətini bir ayədə belə açıqlayır:

    Haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. (Onlar deyəcəklər:) “Vay halımıza! Biz bundan qafil idik. Üstəlik zalım da olmuşuq!” (Ənbiya surəsi, 97)

    İzlənmə sayı: 2208