Yaşayan fosillər

  • fosil
  • Axirzaman.net


    Darvinizm.info


TÜRK İSLAM BİRLİYİ »

  • Şərq və Qərb cəmiyyətlərində cəhalət və İslamofobiya


    Təhsil və mədəniyyətin yoxluğundan doğan cəhalət bu gün dünyanın bütün cəmiyyətlərini öz cənginə almışdır. Bir tərəfdə, demək olar ki, əhalisi oxuma-yazma bilməyən bəzi İslam ölkələri, digər tərəfdə isə müasir və mədəni görünüşünə baxmayaraq, bir çox mövzuda tamamilə yanlış məlumatlara sahib olan və əhəmiyyətli gerçəklərdən xəbərsiz olan Qərb cəmiyyəti durur.

    Cəhalət az inkişaf etmiş üçüncü dünya ölkələrinə, yəni Yaxın Şərq və İslam ölkələrinə aid edilsə də, onun Qərb cəmiyyətlərində də mövcud olduğu danılmaz həqiqətdir.

    Çünki məlumatlı olmaq, yalnız oxuma-yazma bilmək, müəyyən təhsil ocaqlarının məzunu olmaq müəyyən sahələrdə tam ixtisaslaşmaq demək deyil. İnsanın yaradılış məqsədini bilməməsi, ətrafında baş verən hadisələri və bu hadisələrin ardındakı hikmətləri qavramasına yardım edən məlumatlardan məhrum olması, hələ üstəlik, ən vacib mövzularda məlumatının səhv olması cəhalətin ən yüksək dərəcəsidir.

    Bu gün Qərb cəmiyyətlərində möhkəmlənmiş inanca çevrilən darvinizm cəhalət anlayışının bariz nümunələrindən biridir.

    Darvinizm və ona əsaslanan materializm bir əsrdən çoxdur ki, Qərb cəmiyyətlərini Allahın varlığı və yaradılış kimi həyati gerçəklərdən uzaq tutur.

    Darvinizm və materializmi elmi gerçək hesab etmək, kor-koranə bu uydurmalara inanmaq cəhalətdən başqa bir şey deyil. Çünki canlıların yer üzündə ortaya çıxdıqları andan günümüzə qədər dəyişmədiklərini və təkamül adlanan xəyali prosesin heç bir zaman olmadığını sübut edən yüz milyonlarla qalıq mövcuddur.

    Bu gün mədəniyyətin beşiyi adlandırılan Qərb dünyasının bütün təhsil sistemi, elm anlayışı, dünyagörüşü darvinizm saxtakarlığına, başqa sözlə desək, qatı cəhalətə əsaslanır.

    Qərb cəmiyyətlərinə istiqamət verən böyük cəhalət: islamofobiya

    Qərb cəmiyyətlərində İslamla əlaqədar qatı cəhalət mövcuddur. Şifahi yayılmış xurafatlarla və əsassız ön mühakimələrlə beyinləri dolmuş bəzi qərb kütlələri, əslində, sülh, sevgi, birlik və qardaşlıq dini olan İslamı terror və vəhşiliyin qaynağı, qantökən qorxulu din hesab edirlər. Bu böyük cəhalət hər kəs üzərində, adi vətəndaşdan dövlətin yuxarı təbəqələrindəki idarəçilərə qədər hakimdir. Məhz İslam ölkələri və müsəlmanlar əleyhinə verilən qərarların və həyata keçirilən dövlət siyasətinin əsasında bu cəhalət və səhv anlayış durur. İnsanların əksəriyyəti bu qərarları və siyasəti dəstəkləyirlər.

    Hər gün müəyyən qəzet və jurnallarda İslama qarşı nəşr olunan məqalələr, təlqin və təbliğatlar nəticəsində Qərb əhalisinin bir qismində İslam haqqında qəti ön mühakimə yaranmışdır. Ancaq bu insanların ən böyük səhvi ondan ibarətdir ki, onlar İslamı doğru tanıdan yeganə mənbəni – Quranı oxumurlar.

    Cəhalət üzərində qurulan fanatik din anlayışı islamofobiyanın qaynağıdır

    Şübhəsiz ki, Qurana əsaslanan gerçək İslam islamofobiyanın qaynağı deyil. Ancaq bir çox İslam ölkəsində İslam adı altında Qurana uyğun olmayan həyat modeli mövcuddur. Bu ölkələrdə qatı cəhalət və xurafatlara əsaslanan yanlış din anlayışı hökm sürür. Bunun nəticəsində isə hər cür şiddət və vəhşiliyin mövcud olduğu, elm, sənət və mədəniyyətin olmadığı, qadınları isə ikinci təbəqə kimi görən bir cəmiyyət ortaya çıxır. Atadan oğula keçən və dövlətin rəsmi şəkildə təlqin etdiyi bu din anlayışı müsəlman cəmiyyətlərinin əksəriyyəti tərəfindən İslamiyyət kimi mənimsənir. Halbuki, bütün müsəlmanlar dinin əslini araşdırmalı, gerçək mənbə olan Quranı oxuyaraq öyrənməlidirlər. Bu, bütün müsəlmanların cəhalətdən dərhal xilas olmalarına vəsilə olacaq.

    İslam adı altında Qurana zidd olan din anlayışını görən Qərb cəmiyyəti buna qarşı özünümüdafiə mexanizmini işə salır ki, bu da islamofobiya adlanır.

    Göründüyü kimi, dünya səviyyəsində on illərlə davam edən şiddət, ölüm, əzab, qan və göz yaşından başqa bir şey olmayan islamofobiyanın ortaya çıxmasında hər iki tərəf də eyni dərəcədə günahkardır. İstər müsəlmanlar, istərsə də Qərb cəmiyyəti İslamı Qurandan öyrənmədikcə qorxu, iztirab və narahatlıqlardan xilas ola bilməyəcəklər.

    Bəzi İslam ölkələrində cəhalətin ölçüləri

    Mövzu ilə əlaqədar statistikalar bəzi İslam ölkələrindəki cəhalətin dərəcəsinin müəyyən edilməsi baxımından çox əhəmiyyətlidir:

    Oxuma-yazma bilməyənlərin nisbəti:

    Əfqanıstan >> Qadın: 97.6 % Kişi: 77.3 %

    Yəmən >> Qadın: 91.8 % Kişi: 57.4 %

    Pakistan >> Qadın: 89 % Kişi: 68.3 %

    Banqladeş >> Qadın: 86.6 % Kişi: 62.5 %

    Morokko >> Qadın: 79.7 % Kişi: 52.9 %

    Digər İslam ölkələrinin də daxil olduğu bu siyahı daha uzundur. Burada adi təhsil və mədəniyyətin yoxluğundan söz getmir. Oxuma-yazma belə bilməmək cəhalətin nə dərəcədə böyük olduğunun göstəricisidir. Bu cədvəldə qadınların nisbəti xüsusilə diqqət çəkir. Bu isə İslam cəmiyyətlərinin ümumi mədəniyyət səviyyəsini müəyyənləşdirməyə imkan verir. Məsələn, bütün İslam aləmində bir ildə çap edilən kitabların sayı Yunanıstanda nəşr edilən kitabların sayının yalnız yarısı qədərdir.

    Türkiyənin qabaqcıl mövqeyi

    İslam aləmini əhatə edən bu cədvəldə yeganə istisna Türkiyədir. Türkiyə Atatürk inqilabı və demokratiya işığında fanatizmdən uzaq yaşayan, Quran əxlaqını ən gözəl şəkildə cəmiyyətin həyatına və mədəni dəyərlərinə daxil edən və sürətlə inkişaf edən bir ölkədir.

    İnkişaf etmiş ticarət, iqtisadiyyat, aqrar münasibətlər, ölkənin isə modern olması onu digər İslam ölkələrindən üstün edən göstəricilərdir və Türkiyə bu göstəricilər nəticəsində dünyanın nəhəng ölkələri sırasına daxil edilmişdir. Türkiyədə nəşr olunan kitabların sayı bütün ərəb ölkələrində çıxan kitabların sayından təxminən beş dəfə çoxdur. Bu da mədəni üstünlüyün bariz nümunəsidir.

    Bu göstəricilər Türkiyənin İslam dünyasındakı qabaqcıl rolunu bir daha təsdiqləyir. Heç bir İslam ölkəsi bu rolu boynuna götürə bilməz. Bu, bir həqiqətdir. Zənginlik və yeraltı sərvətlər də bu vəzifə üçün kifayət deyil.

    Əlbəttə ki, oxuma-yazma belə bilməyən milyona yaxın kütləyə doğruları ancaq şifahi şəkildə izah etmək mümkündür. Bunun nəticəsinə isə nəzarət etmək, demək olar ki, mümkün deyil. Bu səbəbdən də, bütün müsəlman bacı-qardaşlarımız yaxşı təhsil almalı və Quranı yaxşı bilməlidirlər.

    İslamofobiya istiqamətində radikalizmlə, terrorizmlə mübarizəyə xərclənən pullar təhsilə sərf edilsə, axan qan dayanacaq, bütün dünya mədəni cəmiyyətlərdən ibarət olacaq. Məsələn, son 10 ildə Pakistanda daxili və xarici terrorla mübarizəyə xərclənən 60 milyard dollar bütün dünyadan cəhalət qaranlığını aradan qaldırmağa kifayət edər.

    Qərb ölkələri özünə təhdid kimi gördüyü İslamı və İslam aləmini yox etməyə çalışmaqdansa, insanların gerçək İslamı öyrənmələri üçün bütün xalqları təhsil səfərbərliyinə alsa, həm özünə, həm müsəlmanlara, həm də bütün insanlara faydalı olar, inşaAllah. Beləliklə, Quranda təsvir edilən İslamın sevgi, sülh, dinclik, rifah, azadlıq və xoşbəxtlik dini olduğu açıq-aşkar ortaya çıxacaq. Oxuma-yazma bilən müsəlmanlar radikalizmdən, xurafatlardan sıyrılaraq dinlərini Qurandan öyrənəcək, Qurana uyğun davranmağa başlayacaqlar. Qərblilər də doğru İslamı Qurandan tanıyacaqlar. Nəticədə, islamofobiya sürətlə yer üzündən silinəcək və dünyanı Qızıl Əsrə aparan xoşbəxt və gözəl bir zəmin meydana gələcək.

    İzlənmə sayı: 2190